Quterreş Yəməndə husilərin saxladığı BMT əməkdaşlarının azad olunmalarını tələb edib
- 01 sentyabr, 2025
- 04:17

BMT-nin baş katibi Antoniu Quterreş Yəməndə beynəlxalq təşkilatın nümayəndələrinin saxlanılmasını pisləyib və onların dərhal azad olunmasını tələb edib.
"Report"un xəbərinə görə, bu barədə BMT rəhbərinin mətbuat xidmətinin bəyanatında deyilir.
BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberqin sözlərinə görə, avqustun 31-də "Ənsar Allah" (husilər) üsyançı hərəkatın nəzarəti altında olan ərazilərdə təşkilatın azı 11 əməkdaşını saxlayıb.
"Mən BMT-nin azı 11 əməkdaşının özbaşına saxlanılmasını, həmçinin Ümumdünya Ərzaq Proqramının binasına zorla daxil olmanı, BMT-nin əmlakının müsadirə edilməsini və təşkilatın Sənadakı digər obyektlərinə daxil olmaq cəhdlərini qətiyyətlə pisləyirəm. Saxlanılanların, eləcə də beynəlxalq və yerli QHT-lərin, vətəndaş cəmiyyətinin və diplomatik nümayəndəliklərin digər əməkdaşlarının dərhal və qeyd-şərtsiz azad edilməsi barədə tələbimi israrla təkrar edirəm", - Quterreş bildirib.
Baş katib vurğulayıb ki, BMT əməkdaşları vəzifələrini yerinə yetirərkən saxlanıla bilməz, təşkilatın əməkdaşlarının, əmlakının və obyektlərinin təhlükəsizliyi və müdafiəsi hər zaman təmin edilməlidir.