Quterreş: ABŞ-nin əməliyyatı Venesueladakı qeyri-sabitliyi kəskinləşdirə bilər

Digər ölkələr
  • 05 yanvar, 2026
  • 20:01
Quterreş: ABŞ-nin əməliyyatı Venesueladakı qeyri-sabitliyi kəskinləşdirə bilər

ABŞ-nin hərbi əməliyyatı Venesueladakı qeyri-sabitliyi kəskinləşdirə, bütün Latın Amerikası regionuna mənfi təsir göstərə, həmçinin beynəlxalq münasibətlərdə təhlükəli presedent yarada bilər.

"Report" xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterreş belə bir xəbərdarlıqla çıxış edib və onun müavini Rozmari Dikarlo baş katibin sözlərini BMT Təhlükəsizlik Şurasının iclasında oxuyub.

"Mən ölkədə qeyri-sabitliyin mümkün kəskinləşməsi, regiona potensial təsiri, eləcə də ölkələr arasında münasibətlər üçün bunun yarada biləcəyi presedent barədə dərindən narahatam", - Quterreşin ABŞ-nin Venesuelada əməliyyatına həsr olunan yazılı bəyanatında deyilir.

O, Venesueladakı son hadisələrlə əlaqədar beynəlxalq hüquq prinsiplərinə ciddi riayət etməyin zəruriliyini vurğulayıb:

"İndi üzləşdiyimiz kimi qarışıq və mürəkkəb vəziyyətlərdə prinsiplərə riayət etmək vacibdir".

Quterreş riayət edilməsi lazım olan bir neçə əsas aspekti vurğulayıb: sülh və təhlükəsizliyi təmin etmək üçün BMT Nizamnaməsinə hörmət, həmçinin dövlətlərin suverenliyinə, siyasi müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq lazımdır.

BMT-nin Baş katibi xüsusilə güc tətbiqi və ya onunla hədələməyə qadağanı vurğulayaraq, qanunun aliliyinin üstün gəlməli olduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq hüquqda narkotiklərin qanunsuz dövriyyəsi, resurslarla bağlı mübahisələr və insan haqları kimi problemlərin həlli üçün lazımi alətlər mövcuddur.

"Bu bizim getməli olduğumuz yoldur", - BMT başçısı yekunlaşdırıb.

Xatırladaq ki, 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatlarının aparılmasına sanksiya vermişdi. Bir neçə aylıq hazırlıqdan sonra 2026-cı il yanvarın 3-nə keçən gecə ABŞ xüsusi təyinatlıları Maduronu və həyat yoldaşı Siliya Floresi Karakasdakı Fuerte-Tiuna kompleksində saxlayıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə evakuasiya edilərək narkoterrorizm ittihamları üzrə məhkəmə üçün Nyu-Yorka gətirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti