Qırğızıstan Prezidenti: BMT və Təhlükəsizlik Şurasında islahatların aparılmasını dəstəkləyirik
- 01 sentyabr, 2026
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstan Birləşmiş Millətlər Təşkilatında (BMT) və təşkilatın Təhlükəsizlik Şurasında islahatların aparılmasını dəstəkləyir.
"Report"un Bişkekə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov "ŞƏT+" formatında keçirilən yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.
"Qırğızıstan çoxqütblülüyü ümumi məsələlərin həllində iştirak edən dövlətlərin dairəsinin genişləndirilməsi kimi nəzərdən keçirir. Bu, müxtəlif inkişaf yollarının tanınması, mədəniyyətlərə və ənənələrə hörmət, dünyanın taleyi üçün məsuliyyət və imkanların bərabər paylanması deməkdir. Bizim üçün ədalətin əsas meyarı hər bir dövlətin səsinin nəzərə alınması və hamı üçün eyni olan beynəlxalq normaların qeyd-şərtsiz tətbiq edilməsidir. Məhz buna görə də Qırğız Respublikası qəti şəkildə əmindir ki, formalaşmaqda olan çoxqütblü dünyanın təməlində Birləşmiş Millətlər Təşkilatı qalmalıdır. BMT mükəmməl bir mexanizm deyil. Lakin mövcud çatışmazlıqlar təşkilatın rolunun zəiflədilməsi üçün səbəb olmamalıdır", - o qeyd edib.
Japarovun sözlərinə görə, BMT-nin rolunu birgə gücləndirmək, onun səmərəliliyini artırmaq və mexanizmlərini müasir reallıqlara uyğun olaraq təkmilləşdirmək vacibdir.
"Qırğızıstan BMT-də, o cümlədən Təhlükəsizlik Şurasında islahatların aparılması məsələsini dəstəkləyir. Belə bir islahat geniş razılaşma əsasında həyata keçirilməlidir", - o bildirib.
Prezident xatırladıb ki, bu ilin iyun ayında Qırğızıstan öz tarixində ilk dəfə olaraq 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
"Əminəm ki, bu orqanda qarşıdan gələn üzvlüyümüz mərkəzi əlaqələndirici rolun gücləndirilməsi üçün əlavə imkanlar açacaq. Qırğızıstan həmçinin öz qeyri-daimi üzvlüyü dövründə Təhlükəsizlik Şurası ilə regional təşkilatlar arasında daha sıx dialoqa kömək etməyə, eləcə də Mərkəzi Asiyada mürəkkəb dövlətlərarası məsələlərin dinc yolla həlli ilə bağlı əldə edilmiş təcrübəni təqdim etməyə hazırdır", - o qeyd edib.