Qəzza sektoru sərhədində baş verən qarşıdurmalarda ölənlərin sayı 16-a çatıb
- 02 aprel, 2018
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 aprel. REPORT.AZ/ Qəzza sektoru sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən qarşıdurmalar nəticəsində ölənlərin sayı 16-ya çatıb.
"Report" xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kedranın bəyanatında deyilir.
Daha əvvəl 15 fələstinlinin öldüyü və 1500-ə yaxın insanın xəsarət aldığı barədə məlumat verilmişdi.
"29 yaşlı fələstinli cümə günü Xan Yunis şəhərinin şərqində İsrail ordusu ilə toqquşmalar zamanı aldığı yaradan ölüb", - bəyanatda deyilir.
Qeyd edək ki, martın 30-da mayın ortalarına qədər davam etdirilməsi planlaşdırılan "Böyük qayıdış marşı" adı altında kütləvi antiisrail çıxışları başladılıb. İsrail ordusundan, təxminən, 30 min fələstinlinin etiraz aksiyalarına qatıldığı bildirilib.