Qətərin XİN başçısı: Region ölkələri İranın düşməni deyil, lakin Tehran bunu anlamır

Digər ölkələr
  • 11 mart, 2026
  • 10:00
Qətərin XİN başçısı: Region ölkələri İranın düşməni deyil, lakin Tehran bunu anlamır

İran Yaxın Şərqdə münaqişənin gərginliyini azaltmaq üçün danışıqlar masası arxasına əyləşməlidir.

"Report"un "Al-Jazeera"ya istinadən verdiyi məlumata görə, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdüləziz əl-Xulayfi bildirib.

Onun sözlərinə görə, İranın regiondakı qonşularına hücumları heç kimə fayda gətirməyəcək.

Nazir qeyd edib ki, Qətər İranın hücumlarının genişlənməsindən, o cümlədən mülki infrastruktura endirilən zərbələrdən son dərəcə narahatdır.

"Təəssüf ki, biz indiki vəziyyətə düşmüşük. Hesab edirik ki, danışıqlar masası arxasına qayıtmaqdan başqa, (münaqişənin - red.) davamlı və uzunmüddətli həllinə aparan digər yol yoxdur", - o bildirib.

Nazir vurğulayıb ki, Qətər İranın hücumlarını pisləyir və onları əsassız adlandırır.

Əl-Xulayfi qeyd edib ki, İranın zərbələr endirdiyi Qətər və Oman kimi ölkələr əvvəllər Tehran və Qərb ölkələri arasında əlaqələr qurmağa çalışan regional vasitəçilər kimi çıxış ediblər.

Diplomat qeyd edib ki, bir neçə gün əvvəl o, bu fikri iranlı həmkarlarına çatdırmağa çalışsa da, heç bir nəticə əldə edə bilməyib: "Zərbələr altında olarkən biz vasitəçi rolunu yerinə yetirə bilməyəcəyik. Region ölkələri İranın düşməni deyil, lakin iranlılar bunu başa düşmürlər".

O əlavə edib ki, Doha özünü müdafiə hüququnu qorumaq və həyata keçirmək üçün tədbirlər görməyə davam edəcək.

Nazir vurğulayıb ki, münaqişə Hörmüz boğazı vasitəsilə enerji tədarükü hərəkətinin davam etməsini təmin edəcək "qlobal həll" tələb edir, çünki onun sözlərinə görə, münaqişə beynəlxalq gəmiçiliyə zərər vurur.

Diplomat qeyd edib ki, həmçinin ABŞ tərəfi ilə də danışıqlar aparıb və Prezident Donald Trampı döyüş əməliyyatlarını dayandırmağa çağırıb:

"Birləşmiş Ştatlardakı həmkarlarımızla əlaqə kanallarımız həmişə açıqdır və biz münaqişənin sülh yolu ilə nizamlanmasına dəstək verməkdə davam edirik. Ümid edirik ki, tərəflər hərbi əməliyyatları dayandırıb danışıqlar masası arxasına qayıda biləcəklər".