Qətər və Misir Trampın Qəzza ilə bağlı sülh planını HƏMAS-a təqdim edib
- 30 sentyabr, 2025
- 14:59
Qətər və Misir ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı sülh planını HƏMAS-ın nümayəndə heyətinə təqdim edib.
"Report" "Al-Arabiya"ya istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin mətbuat katibi Macid əl-Ənsari mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, HƏMAS nümayəndə heyəti planı öyrənəcəyinə söz verib, lakin cavab vermək üçün hələ çox tezdir.
XİN nümayəndəsi deyib ki, bu gün Türkiyənin də iştirakı ilə Qəzza zolağı üzrə vasitəçi qrupun görüşü keçiriləcək.
Əl-Ənsari həmçinin İsrailin Baş naziri Binyamin Netanyahunun Dohaya raket zərbələri endirilməsinə görə dünən Qətərdən üzr istədiyinə dair məlumatı təsdiqləyib.
Öz növbəsində, HƏMAS-a yaxın fələstinli rəsmi "Al-Arabiya"ya bildirib ki, hərəkat artıq ABŞ Prezidentinin planını araşdırır.
Onun sözlərinə görə, hərəkat bu gün Fələstində və xarici ölkələrdə öz siyasi və hərbi rəhbər strukturları daxilində bir sıra məsləhətləşmələr keçirəcək.