Qətər: Bab əl-Məndəbin bağlanması bütün dünya üçün fəlakətli olacaq

Digər ölkələr
  • 15 sentyabr, 2026
  • 15:48
Qətər: Bab əl-Məndəbin bağlanması bütün dünya üçün fəlakətli olacaq

Qətər Hörmüz boğazının aylarla davam edən blokadası və husilərin Qırmızı dəniz sahillərindəki son hücumları fonunda Bab əl-Məndəb boğazının mümkün bağlanmasının ciddi nəticələri barədə xəbərdarlıq edib.

"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin Mətbuat və Kommunikasiya Departamentinin direktoru İbrahim Əl-Haşmi deyib.

"Dünya onsuz da Hörmüz boğazının bağlanmasından kifayət qədər əziyyət çəkir, ona görə də biz buna Bab əl-Məndəb boğazının da əlavə olunmasına yol verə bilmərik", - o bildirib.

Əl-Haşminin sözlərinə görə, Qırmızı dənizin cənub girişinin bağlanması "bütün dünya üçün fəlakətli" olacaq.

"Biz artıq nəticələri görürük, buna görə də Qətər diplomatiya və dialoqda təkid edir", - Qətər qurumunun nümayəndəsi qeyd edib.