Baş nazir: Aİ və ABŞ Rusiyaya təzyiq göstərmək üçün səylərini koordinasiya etməlidir
- 16 may, 2025
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Ukraynada müharibənin tezliklə başa çatması üçün Rusiyaya təzyiq məsələsində ABŞ hakimiyyəti ilə koordinasiyanı təmin etməlidir.
“Report”un Albaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Orpo bu gün İstanbulda Rusiya və Ukrayna arasında planlaşdırılan danışıqların vacib olduğunu bildirib.
"Bu gün Tiranada olarkən güclü və vahid mesaj göndərməliyik - Avropa Ukraynanı dəstəkləyir. Düşünürəm ki, Avropa qətiyyətlə hərəkət edib. Bizə atəşkəs, sülh danışıqları və davamlı sülh lazımdır. Avropa qətiyyətli addımlar atmağa, yeni sanksiyalara və Ukraynaya daha çox dəstək verməyə hazır olmalıdır.
Mənim əsas mesajım bu gün budur. Lakin sanksiyalar kifayət deyil, biz ABŞ ilə birlikdə işləməliyik. Sanksiyalarla yanaşı, bizə möhkəm əməkdaşlıq və koordinasiya lazımdır", - o qeyd edib.