Pit Heqset prezidentliyə namizədliyini irəli sürmək planlarını təkzib edib - YENİLƏNİB

Digər ölkələr
  • 29 avqust, 2026
  • 05:15
Pit Heqset prezidentliyə namizədliyini irəli sürmək planlarını təkzib edib - YENİLƏNİB

Pentaqon rəhbəri Pit Heqset "NBC News" telekanalının onun 2028-ci il seçkilərində ABŞ Prezidenti postuna namizədliyini irəli sürmək niyyətində olduğu barədə məlumatını təkzib edib.

"Report" xəbər verir ki, Heqset müvafiq bəyanatla "X" sosial şəbəkəsində çıxış edib.

"Bu, tamamilə yalandır. Biz bunu NBC-yə dedik, lakin onlar sadəcə anonim mənbələr vasitəsilə yalan danışırlar. Mənim yeganə vəzifəm hərbi nazirliyi yenidən böyük etməkdir", - o yazıb.

ABŞ-nin müdafiə naziri Pit Heqset 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürmək imkanını öz tərəfdaşları ilə müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən "NBC News" məlumat yayıb.

Telekanalın məlumatına görə, Heqsetin prezidentlik yarışında mümkün iştirakı barədə söhbətlər bu yaxınlarda aparılıb. Məlumat onun ABŞ-nin prezident kampaniyalarında ənənəvi olaraq mühüm rol oynayan Ayova ştatına səfərindən təxminən iki həftə sonra ortaya çıxıb.

Səfər zamanı Heqset veteranlar qarşısında çıxış edib və Respublikaçılar Partiyasından olan namizədlərə dəstək tədbirində iştirak edib. Amerika mediasının qeyd etdiyi kimi, ABŞ-nin fəaliyyətdə olan müdafiə nazirləri seçkiqabağı tədbirlərdə çox nadir hallarda iştirak edirlər ki, bu da Pentaqon rəhbərinin siyasi ambisiyalarına dair ehtimalları gücləndirib.

Daha əvvəl "The Washington Post" xəbər verib ki, Heqset Donald Tramp administrasiyasında işini başa vurduqdan sonra prezident seçkilərində iştirak etmək və ya başqa bir siyasi posta namizədliyini irəli sürmək ehtimalını nəzərdən keçirir.