Pentaqon döyüş şəraitində istifadə üçün "ağıllı" qan yaradılması üzərində işləyir

Digər ölkələr
  • 14 sentyabr, 2025
  • 06:13
Pentaqon döyüş şəraitində istifadə üçün ağıllı qan yaradılması üzərində işləyir

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (DARPA) sintetik biologiya vasitəsilə modifikasiya olunmuş insan eritrositlərinin yaradılmasına yönəlmiş "Smart-Red Blood Cells" ("Smart-RBC") proqramının başladığını elan edib.

"Report" xəbər verir ki, bu barədə "Defence Blog" yazır.

Proqramın məqsədi fizioloji siqnalları aşkar edə bilən, qərar qəbul edən və onlara reaksiya verən bioloji sxemlərlə təchiz olunmuş eritrositlərin yaradılmasıdır. Bu hüceyrələr "ağıllı qırmızı qan hüceyrələri" adlandırılır və onlardan mürəkkəb şəraitdə həyati funksiyaların dəstəklənməsi və travma zamanı sağ qalma şansının artırılması məqsədilə fizioloji proseslərin tənzimlənməsi və qan laxtalanmasına kömək üçün istifadə olunması planlaşdırılır.

DARPA-nın məlumatına görə, hüceyrələrə üç əsas funksiyaya malik sintetik bioloji sxemlər inteqrasiya ediləcək: biomarkerlərin aşkarlanması, qərar qəbul etmə və metabolik və ya fizioloji vəziyyətlərə təsir edən molekulların buraxılması. İlkin tədqiqatlar fiziki iş qabiliyyətinin qorunması və hemostazın gücləndirilməsinə yönələcək. Gələcəkdə termorequlyasiya, universal qan uyğunluğu və yüksək dağ şəraitinə adaptasiya imkanları nəzərdən keçiriləcək.

Proqram 36 ay müddətinə nəzərdə tutulub və hər biri 18 ay olan iki mərhələyə bölünüb. Birinci mərhələdə komandalar sintetik sxemlərin kök hüceyrələrin diferensiasiyası zamanı inteqrasiyasının mümkünlüyünü və onların nüvəsiz yetkin eritrositlərdə funksiyalarını saxladığını sübut etməlidirlər. İkinci mərhələdə sistemlərin təkmilləşdirilməsi, effektivliyinin yoxlanılması və real şəraitdə nümayişi planlaşdırılır.

"Smart-RBC" layihəsi hələ ilkin mərhələdə olsa da, artıq Pentaqonun sintetik biologiyanı müdafiə aləti kimi maliyyələşdirməsini artırdığını və bu sahənin sağ qalma, dözümlülük və təhlükəli şəraitə uyğunlaşma qabiliyyətini yüksəltməyə yönəldiyini göstərir.

Son xəbərlər

Bütün Xəbər Lenti