Pensilvaniyada qızılca epidemiyası qeydə alınıb
- 17 sentyabr, 2026
- 01:40
ABŞ-nin Pensilvaniya ştatında son 35 ildə ilk dəfə olaraq qızılca xəstəliyi nəticəsində ölüm halları qeydə alınıb.
"Report" "NBC News" və "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın Səhiyyə Departamenti məlumat yayıb.
Qeyd olunub ki, xəstəliyin əsas ocağı Lankaster dairəsində yerləşir. Hakimiyyət orqanları immunizasiya kampaniyalarını və ictimai səhiyyə sahəsində maarifləndirmə işlərini fəallaşdırıb.
"Departamentin məlumatına görə, ilin əvvəlindən qızılcaya yoluxanların sayı 731 nəfər təşkil edib, eyni zamanda yalnız son iki gün ərzində 38 yeni hal qeydə alınıb, dörd nəfər həyatını itirib. Hazırda qızılcaya yoluxmuş 141 pasiyent xəstəxanaya yerləşdirilib", - bəyanatda bildirilir.
Həyatını itirən dörd nəfər arasında Lankaster dairəsindən iki körpə, Mifflin dairəsindən 18 yaşlı sakin və Cefferson dairəsindən 40 yaşlı qadın var. Hamısı avqust ayında həyatını itirib.
"Reuters" yazır ki, epidemiya son onilliklər ərzində ölkədə qızılca xəstəliyinə yoluxma hallarının ən genişmiqyaslı artımının episentrində yerləşən ştatda yayılmaqda davam edir.
ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 10 sentyabr 2026-cı il tarixinə ölkədə 3294 təsdiqlənmiş qızılca halı qeydə alınıb.