Pan Gi Mun: BMT böhran yaşayır, Təhlükəsizlik Şurası dəyişməlidir

Digər ölkələr
  • 15 dekabr, 2025
  • 21:46
Pan Gi Mun: BMT böhran yaşayır, Təhlükəsizlik Şurası dəyişməlidir

BMT-nin keçmiş Baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasında "Sülh naminə liderlik: BMT-nin gələcək liderliyi" mövzusunda keçirilən açıq debatda çıxış edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, o, BMT Təhlükəsizlik Şurasının islahatı və Baş katibin rolunun gücləndirilməsi ilə bağlı mühüm çağırışlar edib.

Keçmiş Baş katib bildirib ki, son illərdə beynəlxalq vəziyyət daha da pisləşib. Ukraynaya qarşı qanunsuz işğal, Qəzza zolağında münaqişə və mülki əhali arasında itkilər, eləcə də iqlim böhranı fonunda beynəlxalq əməkdaşlığın zəifləməsi BMT üçün ciddi böhran yaradıb.

Pan Gi Mun vurğulayıb ki, BMT-nin gücü və effektivliyi birbaşa üzv dövlətlərin siyasi iradəsindən asılıdır. Onun sözlərinə görə, təşkilatın mövcud məhdudiyyətlərini aşmaq üçün dərin və həyati islahatlar qaçılmazdır: "Əgər islahatlar aparılmasa, BMT çökə də bilər".

O, BMT rəhbərliyinin, xüsusilə Baş katibin sülh naminə diplomatiyada daha fəal siyasi rol oynamalı olduğunu qeyd edib. Pan Gi Mun növbəti Baş katib üçün beş il deyil, yeddi illik mandatın tətbiqini təklif edərək, bunun Baş katibin Təhlükəsizlik Şurasının daimi üzvlərindən asılılığını azalda biləcəyini söyləyib.

BMT-dəki böhranın əsas səbəbi kimi Təhlükəsizlik Şurasının fəaliyyətindəki çatışmazlıqlara diqqət çəkən Pan Gi Mun veto hüququndan sui-istifadənin sülh və təhlükəsizlik mandatını zəiflətdiyini deyib. O, veto hüququnun məhdudlaşdırılmasının vacibliyini bildirib və Şuranın XXI əsrin reallıqlarına uyğun islah edilməsinə çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti