Pakistan husilərin Qırmızı dənizdə hücumlarını pisləyib

Digər ölkələr
  • 12 avqust, 2026
  • 12:15
Pakistan husilərin Qırmızı dənizdə hücumlarını pisləyib

Pakistan husilərin Qırmızı dənizdə ticarət gəmisinə, ölkənin üç vətəndaşının ölümü ilə nəticələnən hücumunu pisləyib.

"Report" xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar "X" sosial şəbəkəsində bildirib.

"Qırmızı dənizdə ticarət gəmisinə hücumla bağlı faciəvi hadisə barədə öyrəndim. Hazırda əldə olan məlumata görə, hadisə nəticəsində üç Pakistan vətəndaşı həlak olub, biri isə yaralanıb. Pakistan husilərin ticarət gəmisinə hücumunu qətiyyətlə pisləyir", - o yazıb.

Dar qeyd edib ki, bu cür hücumlar insanların həyatını təhlükəyə atır, beynəlxalq hüququ pozur və gəmiçilik azadlığı, dəniz təhlükəsizliyi, eləcə də Qırmızı dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün ciddi təhdid təşkil edir.

O, həmçinin bəyan edib ki, İslamabad hadisənin əlavə təfərrüatlarını müəyyənləşdirmək üçün Səudiyyə Ərəbistanı hakimiyyəti, eləcə də beynəlxalq səviyyədə tanınmış Yəmən hökuməti ilə təmasları davam etdirir.