Özbəkistan Prezidenti Belarusa səfər edəcək

Digər ölkələr
  • 23 iyun, 2026
  • 14:33
Özbəkistan Prezidenti Belarusa səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 8-9-da Belarusa rəsmi səfər edəcək.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun Baş naziri Aleksandr Turçin ölkə Prezidenti Aleksandr Lukaşenkoya məruzəsindən sonra bildirib.

Belarus hökumət başçısının sözlərinə görə, onun bu yaxınlarda Özbəkistana işgüzar səfəri və Şavkat Mirziyoyevlə danışıqları zamanı ikitərəfli münasibətlərin inkişafı, eləcə də Özbəkistan liderinin qarşıdan gələn səfərinə hazırlıq məsələləri müzakirə edilib.

"Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 8-9-da Minskə səfər edəcəyi təsdiqlənib. Biz prezidenti məmnuniyyətlə gözləyirik", - Aleksandr Turçin bildirib.

O qeyd edib ki, Belarus və Özbəkistan arasında münasibətlər uğurla və dinamik inkişaf edir, tərəflər isə Özbəkistan dövləti başçısının qarşıdan gələn səfərinin məzmunca dolğunlaşdırılması üzərində işləyirlər.