Özbəkistan-ABŞ birgə investisiya platforması istifadəyə veriləcək

Digər ölkələr
  • 16 iyun, 2026
  • 11:46
Özbəkistan-ABŞ birgə investisiya platforması istifadəyə veriləcək

Özbəkistan və ABŞ birgə investisiya platformasını istifadəyə verəcək.

"Report"un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Özbəkistan-ABŞ biznes forumunda bildirib.

"Bu gün biz birgə investisiya platformasının işə salınmasını elan edəcəyik. Bu platforma birgə layihələrin maliyyələşdirilməsi aləti olacaq. ABŞ tərəfindən maliyyələşdirmə Beynəlxalq Maliyyə İnkişaf Korporasiyası (DFC) və İxrac-İdxal Bankı ("Exim Bank"), Özbəkistan tərəfindən isə bu ölkənin Yenidənqurma və İnkişaf Fondu tərəfindən təmin ediləcək", - nazir bildirib.

Onun sözlərinə görə, yeni platforma Özbəkistan və ABŞ şirkətlərinin perspektivli birgə layihələrinin dəstəklənməsinə və çox vaxt onların həyata keçirilməsinə mane olan maliyyə çatışmazlığı probleminin aradan qaldırılmasına yönəlib.

ABŞ-Özbəkistan Ticarət Palatasının sədri Kerolin Lemm iki ölkə arasında iqtisadi əlaqələrin güclənməsini və ABŞ biznesinin Özbəkistana artan marağını qeyd edib. Onun sözlərinə görə, əgər 1993-cü ildə palatada yalnız bir neçə şirkət təmsil olunurdusa, bu gün 50-dən çox iri ABŞ korporasiyası onun üzvüdür.

O bildirib ki, ötən il Özbəkistana ABŞ investisiyalarının həcmi 1 milyard dolları ötüb, cari ildə isə artıq 2 milyard dollardan çox olub.

DFC-nin baş direktoru Ben Blek ABŞ-nin Özbəkistan və Mərkəzi Asiya ilə uzunmüddətli tərəfdaşlığın inkişafında maraqlı olduğunu bəyan edib. O, regionun gənc əhali və artan iqtisadi imkanlar sayəsində əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb.

Öz növbəsində, "Exim Bank"ın prezidenti və sədri Con Yovanoviç ABŞ institutlarının strateji cəhətdən vacib sahələrdə layihələri dəstəkləməyə və iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da güclənməsinə kömək etməyə hazır olduğunu bildirib.