Ottava və Pekin qarşılıqlı rüsumların ləğvini müzakirə edirlər

Digər ölkələr
  • 03 iyun, 2025
  • 05:57
Ottava və Pekin qarşılıqlı rüsumların ləğvini müzakirə edirlər

Kanada iqtidarı Çinlə Ottava və Pekinin bir-birinə qarşı son vaxtlar tətbiq etdiyi rüsumların ləğvi barədə danışıqlar aparır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Baş naziri Mark Karni Saskaçevan əyalətinə səfəri zamanı jurnalistlərə bildirib.

“Kanada hökuməti bu məsələ ilə bağlı çinli həmkarları ilə, o cümlədən nazir səviyyəsində əməkdaşlıq edir. Bu müzakirələr davam edir, onlar bizim üçün əsas prioritetdir”, – Karni Ottavanın Çin elektromobillərinə Kanada rüsumlarının ləğvi müqabilində Kanada kənd təsərrüfatı məhsullarına və dəniz məhsullarına Çin rüsumlarının ləğvi üzərində işləyib-işləmədiyi sualına cavab verib.

Kanada iqtidarı 1 oktyabr 2024-cü il tarixindən Çindən gələn bütün elektromobillərə, o cümlədən yük nəqliyyatı və avtobuslara 100 % həcmində rüsumlar tətbiq edib. Oktyabrın 22-dən Ottavanın ÇXR-dən polad və alüminium məhsullarının idxalına 25 % həcmində vergi tətbiq etməsi barədə qərarı qüvvəyə minib.

ÇXR XİN-in rəsmi nümayəndəsi Lin Szyan buna cavab olaraq bildirib ki, Ottavanın bu addımı iki dövlət arasında ticarət-iqtisadi münasibətləri poza bilər. O, kanadalıların hərəkətlərini tipik proteksionist yanaşma adlandırıb. Çin cavab olaraq Kanadadan gələn noxud və raps yağına 100 % həcmində, donuz əti və dəniz məhsullarına isə 25 % həcmində rüsumlar tətbiq etməyə başlayıb.