Orban: Ukraynadan "Drujba" vasitəsilə neft tədarükünün bərpasını gözləyirik
- 24 fevral, 2026
- 16:39
Macarıstan "Drujba" boru kəməri vasitəsilə neft tədarükünün bərpası üçün Ukraynadan siyasi qərar gözləyir.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
""Drujba" neft kəməri ilə Macarıstana neft tədarükünün bərpası üçün heç bir texniki maneə yoxdur. Bunun üçün yalnız Ukraynanın siyasi qərarı tələb olunur", - Orban Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koştaya müraciətində yazıb.
O qeyd edib ki, Ukraynanın hərəkətləri 2026-cı ilin aprelində keçiriləcək parlament seçkilərində Macarıstan hökumətini devirməyə və Budapeştdəki siyasi rəhbərliyi Kiyevə sadiq olanla dəyişməyə yönəlib.
Orban həmçinin yaranmış vəziyyəti absurd adlandırıb və Aİ-nin Ukraynaya yardıma yönəlmiş qərarlarını dəstəkləmək istəmədiyini bidirib.
"Onlar (Ukrayna rəhbərliyi) "normala" qayıdana qədər Ukraynaya sərf edən heç bir qərarı dəstəkləyə bilmərəm", - Macarıstanın Baş naziri yazıb.
Rusiya-Ukrayna müharibəsinin başlamasının dördüncü ildönümündən danışan Orban qeyd edib ki, Macarıstan Şərqi Avropada sülhü dəstəkləyir.
Qeyd edək ki, Macarıstan hakimiyyətinin məlumatına görə, "Drujba" boru kəməri ilə 2026-cı il yanvarın 27-dən etibarən neft tədarük olmur.