Orban Macarıstanın qanunsuz miqrantlara görə cərimələri ödəməyə hazır olduğunu açıqlayıb
- 23 noyabr, 2025
- 01:03
Macarıstan qeyri-qanuni miqrantlara qarşı sıfır dözümlülük siyasətindən əl çəkmək və onları öz ərazisinə buraxmaqdansa, Avropa Komissiyasına gündəlik 1 milyon avro cərimə ödəməyə üstünlük verəcək.
"Report"un məlumatına görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkədə yazıb.
O, xarici turistləri Milad bayramlarında Afrika, Yaxın Şərq və Cənubi Asiyadan miqrant axınından azad olan ölkəyə səfərə dəvət edib.
"Qeyri-qanuni miqrantlara icazə vermədiyinə görə Brüsseldən gündəlik 1 milyon avro cərimə? Biz bunu ödəyəcəyik. Bizim və sizin təhlükəsizliyiniz üçün. Bu, qorxu içində yaşamaqdan daha yaxşıdır. Bu Milad, Macarıstana gəlin və Avropanı olduğu kimi yaşayın", - Orban qeyd edib.
2024-cü ildə Aİ-nin Lüksemburqdakı Ədalət Məhkəməsi Avropa Komissiyasının təşəbbüsü ilə Macarıstanı Aİ-nin Miqrasiya Paktına əməl etmədiyinə görə 200 milyon avro məbləğində cərimələyib. Bu qərarın yerinə yetirilməsində gecikmənin hər günü üçün əlavə 1 milyon avro qiymətləndirilib. Bir il ərzində faizlər daxil olmaqla ümumi cərimə 500 milyon avronu keçib. Bu cərimə ümumi büdcədən və ixtisaslaşmış Aİ fondlarından Macarıstana borclu olan vəsaitdən tutula bilər.