Nyu-Yorkun qubernatoru polisdə islahata dair qanunvericilik paketini imzaladı
- 12 iyun, 2020
- 22:25
ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryu Kuomo polisdə islahatların aparılması üçün qanunvericilik paketini imzalayıb.
“Report”un xüsusi müxbiri xəbər verir ki, dəyişiklik qərarı ölkə miqyasında həftələrlə davam edən etirazların yatırdılması məqsədi ilə qəbul edilib.
Polis əməkdaşlarının məsuliyyətə cəlb olunması və cəzalandırılması üçün əlavələrin edildiyi dəyişikliklərdən ibarət islahat paketi “Ən aqressiv” layihə adı ilə təqdim olunub.
Qubernator bildirib ki, qanun layihəsi 1976-cı ildən indiyədək Nyu-Yorkda polis haqqında tətbiq olunan qanunlarda göstərilən intizam sənədlərinin verildiyi gizlilik pərdəsini aradan qaldıracaq.
Kuomo “Polisdə islahatların aparılması gecikmiş qərardır və cənab Floydun öldürülməsi yalnız ən son cinayətdir", - deyib. Qubernator Nyu-Yorkun Manhetten əyalətində imzalanan qanun layihəsini övladları polis zorakılığının qurbanı olan analara təqdim edib.
Qeyd edək ki, hazırda polis zorakılığını hədəf alan qanununveriçik qaydalarına dəyişikliklərin edilməsi ABŞ-in bir çox şəhər və ştatlarında federal hökumət tərəfindən müzakirə olunmaqdadır.
Xatırladaq ki, ötən ay ABŞ-ın Minneapolis şəhərində saxta əskinasla ödəniş etmə şübhəsi ilə polis tərəfindən saxlanılan afroamerkalı Corc Floydun polisin səkkiz dəqiqədən çox davam edən fiziki zorakılığı nəticəsində həyatını itirməsi ölkənin 40-dan çox ştatında, o cümlədən ayrı-ayrı şəhərlərində etiraz aksiyalarının başlamasına səbəb olub.
Vüsalə Abbasova