NYT: İranın İordaniyadakı bazalara zərbələrində onlarla ABŞ hərbçisi yaralanıb
- 19 iyul, 2026
- 05:06
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın İordaniyadakı ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində onlarla amerikalı hərbçi yaralanıb, çox sayda helikopter isə zədələnib.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, son beş gün ərzində İran İordaniyadakı ABŞ Silahlı Qüvvələrinin obyektlərinə dörd dəfə hücum edib. Hücumlardan birində ölkənin şərqində "Black Hawk" helikopterlərinin yerləşdiyi bazaya zərbə endirilib. Qəzet iddia edib ki, onların əhəmiyyətli hissəsi zədələnib.
NYT-nin həmsöhbətləri hesab edirlər ki, hücumların miqyası və dəyən ziyan Tehranın əhəmiyyətli raket arsenalına malik olduğunu və ABŞ-nin hava hücumundan müdafiə sistemlərini dəf etmək iqtidarında olduğunu göstərir.
Nəşrin məlumatına görə, hücumlar nəticəsində azı 29 amerikalı hərbçi yaralanıb, iki nəfər isə həlak olub.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, iyulun 17-də İordaniyadakı Amerika hərbi obyektlərinə endirilən zərbələr nəticəsində iki hərbçi həlak olub, biri isə itkin düşüb.