Nikuşor Dan: "F-16" qırıcısı Rumıniyanın hava məkanında PUA-nı vurub

Digər ölkələr
  • 24 iyul, 2026
  • 13:29
Nikuşor Dan: F-16 qırıcısı Rumıniyanın hava məkanında PUA-nı vurub

Rumıniyanın hava məkanına daxil olan pilotsuz uçuş aparatı (PUA) "F-16" qırıcısı tərəfindən vurulub.

"Report" xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu səhər "F-16" təyyarəsindəki rumıniyalı pilot ölkəmizin hava məkanına daxil olan dronu vurub. Hazırda müvafiq qurumların komandaları hadisənin bütün detallarını təqdim etmək üçün ərazini tədqiq edirlər", - deyə o qeyd edib.

Rumıniya Milli Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Padina şəhəri yaxınlığında baş verib.

Müdafiə nazirinin səlahiyyətlərini icra edən Radu Mirutse bildirib ki, "MApN"nin müşahidə sistemləri ölkənin hava məkanına daxil olan hava hədəfini aşkar edib.

"Dərhal reaksiya prosedurları aktivləşdirildi və NATO komandanlığı altında hava polisi tapşırığını yerinə yetirən İtaliya Hərbi Hava Qüvvələrinin "Eurofighter Typhoon" təyyarələri havaya qaldırıldı. Bundan qısa müddət sonra "MApN" səviyyəsində Rumıniyanın daha iki "F-16" təyyarəsinin havaya qaldırılması barədə qərar qəbul edildi. "F-16"lara atəş açmağa icazə verilmişdi", - o bildirib.