Nikuşor Dan: ABŞ-nin Rumıniyada hərbi iştirakının genişləndirilməsi prioritetdir
- 31 avqust, 2026
- 05:45
ABŞ-nin Rumıniyada iqtisadi, hərbi iştirakının gücləndirilməsi və genişləndirilməsi Rumıniya-Amerika strateji tərəfdaşlığının prioritetidir.
"Report" xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan "Mixail Koqelniçanu" aviabazasında amerikalı konqresmenlərlə görüşdən sonra "X" sosial şəbəkəsində yazıb.
Görüşdə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers və həmin komitənin üzvü Erik Sorensen iştirak ediblər.
"ABŞ-nin Rumıniyada iqtisadi və hərbi iştirakının gücləndirilməsi ikitərəfli tərəfdaşlıq, Qara dəniz regionunun təhlükəsizliyi və transatlantik ittifaqın birliyi üçün prioritetdir", - Dan bildirib.
Onun sözlərinə görə, Rumıniya müdafiə üçün məsuliyyətin böyük hissəsini öz üzərinə götürməyə, öhdəliklərini artırmağa və yerinə yetirməyə hazırdır.
Dan həmçinin Qara dəniz regionunun təhlükəsizlik üçün strateji əhəmiyyətini, kollektiv çəkindirmə və dayanıqlığın daha da gücləndirilməsinin zəruriliyini qeyd edib.
Rumıniya Müdafiə Nazirliyindən verilən məlumata görə, aviabazaya səfər zamanı amerikalı konqresmenlərə rumıniyalı və ukraynalı pilotların F-16 qırıcılarını idarə etməyə hazırlıq prosesi təqdim olunub. Bundan əlavə, bazada yerləşən infrastrukturun Rumıniya və NATO-nun şərq cinahının hava hücumundan müdafiəsinin gücləndirilməsindəki rolu nümayiş olunub.