Nigeriya qoşunlarını Benindən çıxarır
- 02 fevral, 2026
- 11:53
Nigeriya ötən ilin dekabrında dövlət çevrilişi cəhdindən sonra Benində yerləşdirdiyi qoşunlarının çıxarılmasını davam etdirir.
"Report" xəbər verir ki, bu barədə Benin hökumətinin saytında dərc edilmiş bəyanatda deyilir.
"Benin 2025-ci il dekabrın 7-də uğursuz dövlət çevrilişi cəhdindən sonra Toqbin hərbi bazasında yerləşdirilmiş Nigeriya ordusunun mexanikləşdirilmiş batalyonunu rəsmi olaraq çıxarıb", - məlumatda bildirilib.
Nigeriyanın müdafiə naziri, general Kristofer Musa əlavə edib ki, qoşunlar hələ də Benindədir və onların çıxarılması planı hazırlanır. O, əməliyyatın Nigeriyanın hərbi potensialını nümayiş etdirdiyini və strateji tərəfdaşlıq vasitəsilə daxili müdafiə imkanlarının artırılmasının zəruriliyini vurğulayıb.
Qeyd olunub ki, Benin Prezidenti Patris Talon daha əvvəl Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) vasitəsilə nigeriyalı həmkarı Bola Tinubuya müraciət edərək ölkədəki qurumların təhlükəsizliyini təmin etmək və əhalini qorumaq üçün Nigeriya ordusunun müdaxilə etməsini xahiş etmişdi. Bununla yanaşı, Benin ölkədə sabitliyin təmin edilməsində Nigeriya qoşunlarının həlledici rolunu yüksək qiymətləndirib.
Nigeriya kontingenti təxminən 200 hərbçidən ibarət olub.