NHK: Tokio Hörmüz boğazından yan keçmək üçün neft kəmərlərinin genişləndirilməsini dəstəkləyir
- 16 iyul, 2026
- 07:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiya Yaxın Şərqdə neft kəməri infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsi layihələrinə dəstək imkanlarını təhlil etmək niyyətindədir. Bu layihələr Hörmüz boğazından yan keçməklə neft tədarükünün həcmini artırmağa imkan verə bilər.
"Report" NHK telekanalına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Yaponiya Yanacaq Assosiasiyasının rəhbəri, eyni zamanda Idemitsu Kosan şirkətinin rəhbəri Şuniti Kito bildirib.
"Yaxın Şərqdə vəziyyət qeyri-sabit olaraq qalmaqda davam edir və bu, narahatlıq doğurmaya bilməz", – deyə o bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri neft kəməri sistemlərinin ötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparırlar. Bu sistemlər karbohidrogen xammalının Hörmüz boğazından keçməyən marşrutlarla daşınmasını təmin edir.
O bildirib ki, bu ölkələrin rəhbərliyi Yaponiya tərəfini həmin layihələrdə iştiraka cəlb etmək təşəbbüsü ilə çıxış edib. Kito əlavə edib ki, assosiasiya bu məsələni ölkə hökuməti ilə birgə araşdırmağı planlaşdırır.
"Səudiyyə Ərəbistanı və BƏƏ Hörmüz boğazından keçməyən tədarük marşrutları üzrə variantlar təqdim ediblər. Əgər idxalın əhəmiyyətli hissəsini həmin marşrutlara yönəltmək mümkün olarsa, bu, fasiləsiz təchizatın təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyacaq", – deyə Kito vurğulayıb.