Netanyahu təxminən 100 min nəfərin Qəzzanı tərk etdiyini bildirib
- 07 sentyabr, 2025
- 19:05

Təxminən 100 min dinc sakin İsrail Müdafiə Qüvvələrinin planlaşdırdığı hərbi əməliyyat fonunda Qəzza şəhərini tərk edib.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu hökumət kabinetinin həftəlik iclasında bəyan edib.
"Təxminən 100 min nəfər Qəzzanı tərk edib. HƏMAS isə onların getməsinə imkan verməmək üçün əlindən gələni edir, onları orada "canlı qalxan" kimi saxlayır", – deyə baş nazir bildirib.
Netanyahunun sözlərinə görə, İsrail zərbələri terrorçulara yönəltmək, mülki əhaliyə isə çıxmaq imkanı vermək istəyir.
Ordu dəfələrlə Qəzza sakinlərini planlaşdırılan hərbi əməliyyatla əlaqədar bölgəni tərk etməyə çağırıb. BMT-nin məlumatına görə, hazırda şəhərdə təxminən 1 milyon fələstinli qalır. Beynəlxalq təşkilatlar Qəzza şəhərində və bütövlükdə anklavda humanitar vəziyyəti fəlakətli kimi qiymətləndirir.
Hazırda İsrail Qəzza şəhərinə nəzarət əldə etmək üçün əməliyyata hazırlaşır, ölkədə ehtiyatda olan hərbçilərin səfərbərliyi elan olunub.