Netanyahunun ofisi onun Misirdəki sammitdə iştirakını təkzib edib - YENİLƏNİB
- 13 oktyabr, 2025
- 14:27

İsrail Baş nazirinin ofisi Benyamin Netanyahunun Şarm əl-Şeyxdə keçiriləcək sülh sammitində iştirakı ilə bağlı məlumatı təkzib edib.
"Report" İsrailin 12-ci kanalına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Misir Prezidenti ilə telefon danışığı həqiqətən də olub, lakin Netanyahu dəvəti rədd edib.
Məlumata görə, o, "bayramın yaxınlaşması səbəbindən" sammitə getməyəcək.
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Misir Prezidenti Abdel Fattah əs-Sisi ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Qeyd edilir ki, danışıq zamanı Netanyahu Misir liderinin bu gün Şarm əş-Şeyxdə keçiriləcək Yaxın Şərq Sülh Sammitinə dəvətini qəbul edib.
Misir Prezidentinin administrasiyası telefon danışığını və Benyamin Netanyahunun sammitdə iştirakına razılığını təsdiqləyib.
"Al-Jazeera"nin məlumatına görə, Fələstin Prezidenti Mahmud Abbas da iştirakını təsdiqləyib. HƏMAS-ın nümayəndələri sammitdə iştirak etməyəcəklər.