NASA astronavtları "Canadarm2"nin təmirindən sonra açıq kosmosa çıxışı başa vurublar

Digər ölkələr
  • 01 iyul, 2026
  • 03:41
NASA astronavtları Canadarm2nin təmirindən sonra açıq kosmosa çıxışı başa vurublar

Amerika astronavtları Kristofer Uilyams və Cessika Meir Beynəlxalq Kosmik Stansiyada (BKS) təmir işləri apararaq, açıq kosmosa çıxışı başa vurublar.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsi (NASA) xəbər verib.

"NASA astronavtları Kristofer Uilyams və Cessika Meir şərq vaxtı ilə saat 15:40-da (Bakı vaxtı ilə saat 23:40) kosmosa açıq çıxışı başa vurublar. Onlar 7 saat 20 dəqiqə ərzində əsas vəzifələrini yerinə yetirdilər - robotlaşdırılmış manipulyator "Canadarm2"nin "biləyindəki" nasaz oynağı dəyişdirdilər", - məlumatda deyilir.

Astronavtlar işlərini başa vurduqdan sonra təhlükəsiz şəkildə BKS-ə qayıdıblar.

Bu, K.Uilyamsın açıq kosmosa ikinci, C.Meirin isə beşinci çıxışı olub.