Moldovada iğtişaşlara hazırlaşmaqda şübhəli bilinən 74 nəfər saxlanılıb
- 22 sentyabr, 2025
- 20:06

Moldova hüquq-mühafizə orqanları parlament seçkiləri zamanı kütləvi iğtişaşlara hazırlaşmaqda şübhəli bilinən 74 nəfərin həbs olunduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə Moldovanın Korrupsiyaya Qarşı Mübarizə Baş Prokurorluğunun rəhbəri Viktor Furtune, polis rəisi Viorel Çernautsanu və İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandru Mustytsenin birgə keçirdiyi brifinqdə məlumat verilib.
"74 nəfər 72 saat müddətinə saxlanılıb. Onların bir çoxu hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir və ətraflı ifadələr veriblər", - Furtune söyləyib. O əlavə edib ki, bu şəxslər Serbiyada xüsusi təlim düşərgələrində təlim keçiblər və onlara polislə qarşıdurma üsulları öyrədilib.
Daha əvvəl hüquq-mühafizə orqanlarının 100-dən çox insan üzərində 250-dən çox axtarış apardıqları bildirilmişdi. Onlara Milli İstintaq Müfəttişliyinin əməkdaşları, Mütəşəkkil Cinayətkarlıqla və Xüsusi İşlərlə Mübarizə Prokurorluğunun, "Molniya" xüsusi polis dəstəsinin, İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb edilib.