Moldovada energetika sahəsində 30 günlük yüksək hazırlıq rejimi tətbiq edilib

Digər ölkələr
  • 28 iyul, 2026
  • 11:04
Moldovada energetika sahəsində 30 günlük yüksək hazırlıq rejimi tətbiq edilib

Moldova hökuməti yanacaq çatışmazlığı səbəbindən energetika sahəsində yüksək hazırlıq rejimi tətbiq edib.

"Report" "TVR Moldova"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Vasili Tofan Nazirlər Kabinetinin iclasında bildirib.

Xüsusi rejim 30 gün müddətinə tətbiq olunur.

"Yüksək hazırlıq rejimini tətbiq etməkdə məqsədimiz çaxnaşma yaratmaq deyil, qabaqlayıcı tədbirlər görmək imkanına malik olmaqdır. Belə hal əvvəllər də baş verib. Bugünkü tədbirlər kənd təsərrüfatı mövsümündə yanacaq tədarükündəki fasilələri minimuma endirməyə yönəlib", - o qeyd edib.

Energetika naziri Dorin Yunqyetu bildirib ki, Moldova yanacaq idxalında demək olar ki, tamamilə Rumıniyadan asılıdır. Benzinin təxminən 99 %-i, dizel yanacağının 70 %-i və kerosinin bütün lazımi həcmi Rumıniyanın neft emalı zavodlarından (NEZ) daxil olur.

Onun sözlərinə görə, Rumıniyanın ən böyük neft emalı zavodlarından biri olan "Petromidia" Qazaxıstanın xam nefti ilə işləyir. Həftənin əvvəlində Moldovada 53 PECO yanacaqdoldurma məntəqəsində (ölkədəki bütün YDM-lərin təxminən 10 %-i) dizel yanacağı olmayıb. Bu, Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində su nəqliyyatı ilə tədarüklərin çətinləşməsi, eləcə də Yaxın Şərqdəki vəziyyətlə izah olunur.

44 - Tezliklə