Metsola: Avropa Parlamenti Kanadada nümayəndəlik açacaq
- 15 sentyabr, 2026
- 01:38
Avropa Parlamentinin sədri Roberta Metsola qurumun Kanadada nümayəndəlik açmaq niyyətində olduğunu açıqlayıb.
"Report"un məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Avropa Parlamentinin Bürosu Ottavada nümayəndəliyin açılmasını təsdiqləyib.
"Daha aktiv iştirak Atlantik okeanının hər iki tərəfində parlament mübadilələrini asanlaşdıracaq və regional əhatə dairəsi Arktikaya qədər uzanacaq. Avropa və Kanada uzun müddətdir dostdurlar və birlikdə yeni fəsil yazırlar", - Metsola qeyd edib.
Kanadanın Baş naziri Mark Karninin Ottava və Aİ-nin daha sıx əlaqələr qurmaq səyləri fonunda 17 sentyabrda Avropa Parlamentində çıxışı gözlənilir.
Karni əvvəllər Aİ ilə "unikal ittifaq" barədə danışıqlara başlamaq planlarını açıqlayıb.