Merts Trampla Ukraynadakı nizamlamada Avropanın iştirakının vacibliyini müzakirə edib
- 22 noyabr, 2025
- 21:42
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması proseslərində Avropanın iştirakının vacibliyini müzakirə edib.
"Report"un məlumatına görə, Almaniya hökumət başçısı bu barədə Yohannesburqda keçirilən G20 sammiti çərçivəsində bildirib.
"Müharibənin nəticəsi necə olacaqsa, bu, Avropanın təhlükəsizliyi üçün nəticələr doğuracaq", – NTV telekanalı Mertsdən sitat gətirib.
"Əgər Ukrayna bu müharibədə uduzarsa, bu, bütün Avropa siyasətinə, bütün Avropa qitəsinə təsir göstərəcək. Ona görə də biz bu məsələdə fəal iştirak edirik", – deyə o bildirib.
Eyni zamanda kansler qeyd edib ki, Ukrayna üçün Budapeşt Memorandumunda təsbit olunmuşlardan fərqli təhlükəsizlik təminatları və razılaşmalar tələb olunur: "Biz, avropalılar, almanlar, bu prosesdə iştirak etməyə hazırıq. Fikrimcə, hazırda müharibəni başa çatdırmaq üçün şans var, lakin biz hələ ümumi yaxşı nəticədən xeyli uzağıq".
Daha əvvəl Aİ ölkələrinin liderləri ABŞ-nin sülh planının bir sıra bəndləri ilə razı olmadıqlarını və onun təkmilləşdirilməsinə ehtiyac olduğunu bəyan etmişdilər.