Mark Rütte: NATO ölkələri 2035-ci ilə qədər ÜDM-in 5 %-ni müdafiəyə yönəltməyi hədəfləyir
- 07 iyul, 2026
- 12:23
Yeniliklərdən dərhal xəbərdar olun!
NATO ölkələri 2035-ci ilə qədər ÜDM-in 5 %-ni müdafiəyə yönəltməyi hədəfləyir.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Alyansın Baş katibi Mark Rütte Ankarada NATO dövlət və hökumət başçıları zirvə toplantısı çərçivəsində keçirilən forumda çıxışı zamanı deyib.
Baş katib xatırladıb ki, bir il əvvəl Haaqada müdafiə sənayesinə daha çox investisiya qoyulması barədə qərar verilib:
"Müttəfiq ölkələr 2035-ci ilə qədər ümumi daxili məhsullarının 5 faizini müdafiəyə ayırmaq məqsədinə doğru əhəmiyyətli irəliləyiş əldə ediblər. Eyni zamanda, milyardlarla dollarlıq layihələrə imza atılıb. Bu investisiyalar iqtisadiyyatı inkişaf etdirəcək, təhlükəsizliyi artıracaq və on minlərlə yeni iş yeri yaradacaq".
Mark Rütte həmçinin bildirib ki, NATO-ya üzv dövlətlər tanker və uzunmənzilli nəqliyyat təyyarəsindən təşkil olunan çoxmillətli hava donanmasının formalaşdırılması istiqamətində "Airbus" şirkətindən 12 təyyarənin satın alınmasına başlayıb:
"Bu təyyarələr müdafiə qabiliyyətini artırmaqla böyük dəniz əraziləri üzərində gecə-gündüz fasiləsiz müşahidə imkanları təmin edəcək. Onlar uzun müddət yüksək hündürlüklərdə uça biləcək və açıq dənizlər də daxil olmaqla geniş əraziləri əksər digər təyyarələrdən daha səmərəli şəkildə əhatə edə biləcəklər".