Makron nazirlər və hərbçilərlə ABŞ-nin Ukraynaya yardımının dayandırılmasını müzakirə edəcək
- 04 mart, 2025
- 14:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Ukraynaya hərbi yardımının dayandırılmasından sonra bir sıra nazirlər və ordu komandanlığının nümayəndələrinin iştirakı ilə bu gün iclas keçirəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Görüşdə Baş nazir Fransua Bayru, silahlı qüvvələr naziri Sebastyan Lekornyu, xarici işlər naziri Jan-Noel Barro, XİN yanında Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamen Addad və iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombar iştirak edəcəklər.
Dövlət başçısı hökumət üzvləri ilə Kiyevə ABŞ yardımının dayandırılması ilə yanaşı, martın 6-da keçiriləcək Aİ sammitini də müzakirə edəcək. Sammitdə Ukraynaya yardımın və müdafiə xərclərinin artırılması müzakirə olunacaq.