Makron hökuməti yanacaq qiymətlərinə görə tam səfərbərliyə çağırıb

Digər ölkələr
  • 16 sentyabr, 2026
  • 17:51
Makron hökuməti yanacaq qiymətlərinə görə tam səfərbərliyə çağırıb

Fransa Prezidenti Emmanuel Makron hökuməti ölkənin yanacaqla təmin edilməsi və qiymətlərə nəzarət məsələlərində tam səfərbərliyə çağırıb.

"Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi Mod Brejon Nazirlər Şurasının iclasının yekunları üzrə bildirib.

Onun sözlərinə görə, Makron həftənin əvvəlində İraqla edildiyi kimi, qaz və yanacaq tədarükünü təmin etməyi, həmçinin digər ölkələrin hesabına lazımi həcmlərə zəmanət verməyi tapşırıb.

Brejon həmçinin Makronun Sen-Pyer və Mikelona qarşıdan gələn səfəri zamanı Kanada ilə planlaşdırılan danışıqlar barədə də məlumat verib.

Onun sözlərinə görə, Fransa prezidenti həmçinin Avropa İttifaqı səviyyəsində tənzimləmədə daha çox çeviklik imkanları üzərində işləmək niyyətindədir. Brejonun qeyd etdiyi kimi, məqsəd qiymətləri maksimum dərəcədə azaltmaq və ya ən azı onların artımını cilovlamaqdır.

Daha əvvəl Makron və İraqın Baş naziri Əli əl-Zeydi Yelisey sarayında keçirilən görüşün yekunlarına dair birgə bəyanatda ABŞ və İran arasındakı münaqişənin səbəb olduğu qeyri-sabitlik fonunda Yaxın Şərqdə karbohidrogen ixracı marşrutlarının şaxələndirilməsi tərəfdarı kimi çıxış ediblər.

Bundan əlavə, Fransanın "TotalEnergies" şirkəti və İraq hökuməti İraqda neft hasilatının artırılması üçün irimiqyaslı investisiyalar nəzərdə tutan bir neçə enerji layihəsi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.

44 - Tezliklə