Maduro: Venesuela müdafiə sistemini təkmilləşdirib

Digər ölkələr
  • 15 dekabr, 2025
  • 04:48
Maduro: Venesuela müdafiə sistemini təkmilləşdirib

Venesuela hərbi müdaxilə təhdidləri səbəbindən milli müdafiə sistemini təkmilləşdirib.

"Report"un məlumatına görə, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro bu açıqlamanı Amerika Xalqları üçün Bolivar Alyansının (ALBA) videokonfrans vasitəsilə keçirilən zirvə görüşündə verib.

"Venesuela Latın Amerikası və Karib dənizində birgəyaşayışın hüquqi və diplomatik kanallarının tamamilə dağıldığı bu günlərdə 25 həftəlik psixoloji terror, hərbi müdaxilə təhdidləri, pirat hücumları və Venesuela neftini daşıyan gəminin qaçırılması yaşayıb", - Maduro qeyd edib.

O, respublikanın milli müdafiə sistemi ilə bağlı vizyonunu tənzimlədiyini və təkmilləşdirdiyini vurğulayıb.

2004-cü ildə yaradılan Latın Amerikası və Karib ölkələrinin regional birliyi olan ALBA-ya Antiqua və Barbuda, Venesuela, Qrenada, Dominika, Kuba, Nikaraqua, Sent-Vinsent və Qrenadinlər, Sent Kitts və Nevis, eləcə də Sent Lusiya daxildir.

Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu, sualtı nüvə qayığı və 16 mindən çox hərbçi göndərib. Sentyabrdan bəri ABŞ qüvvələri regionda azı 20 sürət qayığını batırıb və nəticədə 80-dən çox insan həlak olub.

Son xəbərlər

Bütün Xəbər Lenti