Madaqaskar XİN BMT-nin iğtişaşlarda insan ölümləri barədə iddialarını təkzib edib
- 30 sentyabr, 2025
- 02:46

Madaqaskarın Xarici İşlər Nazirliyi (XİN) BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkün bu ölkədəki iğtişaşlar zamanı 22 nəfərin öldüyü iddiası ilə bağlı daha əvvəl yaydığı məlumatı təkzib edib.
"Report"un xəbərinə görə, bu barədə yerli "Actu.orange" portalı nazirliyin kommunikesinə istinadən məlumat yayıb.
"Madaqaskar hakimiyyəti bəyan edir ki, heç bir rəsmi məlumat bu rəqəmlərə uyğun gəlmir. Təqdim olunan məlumatlar şayiələr və dezinformasiya yayan mənbələrə əsaslanır", - nəşr bəyanatdan çıxarışları sitat gətirir.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Madaqaskar hökuməti təhlükəsizliyi bərpa etmək, insanları və onların əmlakını qorumaq üçün hüquq-mühafizə qüvvələrini səfərbər edib. Söz və toplaşma azadlığına Malaqaskar Konstitusiyası və beynəlxalq müqavilələr zəmanət verir, lakin onlar ictimai asayişə uyğun şəkildə həyata keçirilməlidir.
Türk daha əvvəl bildirib ki, Madaqaskarda kütləvi iğtişaşlar zamanı azı 22 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Lakin heç bir istinad və ya mənbə göstərilməyib.