Macarıstanın baş naziri: Ölkəmiz heç bir namizədin Aİ-yə sürətlə qəbulunu dəstəkləmir

Digər ölkələr
  • 03 sentyabr, 2026
  • 02:14
Macarıstanın baş naziri: Ölkəmiz heç bir namizədin Aİ-yə sürətlə qəbulunu dəstəkləmir

Macarıstanın baş naziri Peter Magyar Avropa İttifaqı Şurasının sədri Antonio Koştaya bildirib ki, hər hansı ölkənin tələsik şəkildə Avropa İttifaqına qəbulunu dəstəkləməyəcək.

"Report" xəbər verir ki, Macarıstan hökumətinin başçısı bu barədə "X" sosial şəbəkəsində yazıb.

İki siyasətçinin görüşü çərşənbə günü axşam Budapeştdə baş tutub. Antonio Koşta yeni yeddiillik büdcə layihəsinin müzakirəsi məqsədilə Aİ ölkələrinə səfəri çərçivəsində Macarıstana gedib.

"Bir daha təsdiqlədim ki, Macarıstan heç bir namizəd ölkənin Aİ-yə üzvlüyü üçün sürətləndirilmiş proseduru dəstəkləmir", - deyə Peter Magyar qeyd edib.

Baş nazir həmçinin bildirib ki, Macarıstan əvvəlki hökumətin fəaliyyəti dövründə ölkəyə tətbiq edilmiş gündəlik 1 milyon avro məbləğində cərimənin ləğvi məsələsi ilə bağlı Aİ rəhbərliyindən tezliklə qərar gözləyir.

"Şura sədri ilə söhbət zamanı vurğuladım ki, xüsusilə ötən yay Seuta şəhərində baş verən hadisələri nəzərə alaraq, Macarıstan qanunsuz miqrasiyanın qarşısını almaq üçün zəruri olan hüquqi bazanı və sərhəd maneələrini qorumaqda davam edir. Macarıstan hələ də Avropa İttifaqının xarici sərhədlərini qoruyur və bu səylərimizin Avropa səviyyəsində tanınacağını gözləyirik", - deyə baş nazir bildirib.

44 - Tezliklə