Macarıstan XİN: Əgər hər şey Trampdan asılı olsaydı, Ukraynada sülh olardı
- 06 fevral, 2026
- 15:08
Macarıstan hesab edir ki, əgər hər şey yalnız ABŞ Prezidenti Donald Tramp və onun hökumətindən asılı olsaydı, Ukraynada artıq sülh bərqərar olardı.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. Onun sözlərini baş nazir ofisinin beynəlxalq kommunikasiyalar üzrə dövlət katibi Zoltan Kovaç "X" sosial şəbəkəsində yazıb.
Siyarto Rusiya və Ukrayna arasında danışıqlar prosesindəki cari irəliləyişi, xüsusilə də əsirlərin mübadiləsi ilə bağlı son razılaşmaları alqışlayıb.
"ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb ki, bu da yüzlərlə insanın ailələrinin yanına qayıtmasına imkan verib. Həmçinin ABŞ və Rusiya arasında yüksək səviyyəli dialoqun bərpası barədə qərar qəbul edilib", - Siyarto qeyd edib.
Siyarto həmçinin hesab edir ki, ABŞ və Rusiya yaxşı münasibətlər saxlayanda Mərkəzi Avropa regionunu daha təhlükəsiz olur.