Macarıstan Aİ-nin Venesuela ilə bağlı bəyanatını dəstəkləməyib
- 05 yanvar, 2026
- 00:59
Avropa İttifaqı (Aİ) ABŞ-nin Venesuelaya son hücumuna cavab olaraq sərt bəyanat yayıb. Macarıstan birgə qətnaməni dəstəkləməkdən imtina edib.
"Report"un məlumatına görə, bu, Aİ-nin diplomatik xidmətinin veb saytında dərc olunmuş bəyanatının mətnində əksini tapıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin bəyanatında bildirilir ki, ittifaqın 27 üzv dövlətindən 26-sı bəyanatı dəstəkləyib. Macarıstanın siyahıda adı yoxdur.
Sənəddə münaqişənin bütün tərəflərinin vəziyyətin daha da gərginləşməməsi və böhranın sülh yolu ilə həllinin təmin edilməsi üçün təmkinli olmalarının vacibliyi vurğulanır.
"Aİ xatırladır ki, beynəlxalq hüquq prinsiplərinə və BMT nizamnaməsinə hər zaman hörmət edilməlidir. BMT Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq təhlükəsizlik arxitekturasının təməli kimi bu prinsipləri dəstəkləmək üçün xüsusi məsuliyyət daşıyırlar", - sənəddə deyilir.