Lukaşenko: ABŞ ilə "böyük sövdələşmə"yə və Trampla şəxsi görüşə hazıram

Digər ölkələr
  • 11 sentyabr, 2026
  • 17:21
Lukaşenko: ABŞ ilə böyük sövdələşməyə və Trampla şəxsi görüşə hazıram
Aleksandr Lukaşenko

Belarus ABŞ ilə sanksiyaların ləğv edilməsini, səfirliklərin tam fəaliyyətinin bərpasını ehtiva edə biləcək "böyük sövdələşmə"yə hazırdır.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

Vaşinqtonla razılaşmaların perspektivlərindən danışan A.Lukaşenko vurğulayıb ki, Minsk geniş spektrli məsələlərin müzakirəsinə açıqdır: "Biz həm kiçik, həm də böyük sövdələşməyə hazırıq".

Belarus liderinin sözlərinə görə, ABŞ artıq ölkənin bir sıra müəssisələrindən sanksiyaları götürüb və bu prosesi davam etdirməyə hazırdır: Digər mümkün əməkdaşlıq istiqamətləri arasında o, səfirliklərin tam fəaliyyətinin bərpasını, nüvə materialları sahəsində proqramı və Belarusun kalium gübrələrinin alınmasını qeyd edib.

A.Lukaşenko, həmçinin Belarusun Qəzza Sülh Şurasının işində iştirak etməyə hazır olduğunu təsdiqləyib, lakin vurğulayıb ki, bu, formal yox, məzmunlu iştirak olmalıdır.

ABŞ Prezidenti Donald Trampla mümkün görüşə toxunan A.Lukaşenko, bunun Belarus üçün faydalı ola biləcəyini qeyd edib: "Bu, Belarus üçün çox faydalı olardı. Görüşdən sonra nə olacağını anlamaq lazımdır. Görüşdük, salamlaşdıq və ayrıldıq?".

Belarus Prezidenti həmçinin bildirib ki, hazırda kalium gübrələri olan gəmi ABŞ-yə göndərilmək üçün yüklənir. Bununla belə, Minsk hələ ki, böyük həcmdə tədarükü təmin edə bilməyəcək, çünki cari il üçün məhsula artıq digər ölkələrlə müqavilə bağlanıb. Tədarüklərin genişləndirilməsi imkanına gələn il baxılacaq.