Le Penin partiyasından olan deputat travma ilə xəstəxanaya yerləşdirilib
- 12 yanvar, 2026
- 15:00
Fransa polisi sağçı "Milli Birlik" partiyasından (partiyanın sədri Marin Le Pen - red.) olan deputat Antuan Vildyeni ölkənin şərqində yaşadığı yerin yaxınlığında baş travması ilə tapıb.
"Report" xəbər verir ki, bu barədə "Parisien" nəşri polis mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə dünən baş verib.
"Hazırda xəsarətin səbəbini müəyyən etməyə, onun zorakılıq qurbanı olduğunu və ya xəsarəti özünün aldığını təyin etməyə imkan verən sübutlar yoxdur. Videomüşahidə kameralarının görüntülərinin təhlili bu məsələyə aydınlıq gətirə bilər", - polis qeyd edib.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları zərərçəkmiş deputatın yaxınlarını, o cümlədən həyat yoldaşını sorğuya çəkiblər. O bildirib ki, ötən həftə onunla həyat yoldaşı arasında mübahisə baş verib. O, qolundan xəsarət alıb, lakin bu barədə şikayət etməyib.
Siyasətçi əvvəllər boksla məşğul olub və MMA üzrə ikiqat dünya çempionudur.