Küveytdə İranın PUA və raket hücumları nəticəsində bir nəfər həlak olub, 63 nəfər yaralanıb - YENİLƏNİB-2
- 03 iyun, 2026
- 15:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Küveytdə İranın pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücumları nəticəsində 63 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Küveyt mediası ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
"Yeddi nəfər təcili əməliyyat edilməli olub", - qurumdan bildirilib.
İranın pilotsuz təyyarələr və ballistik raketlərlə Küveytin beynəlxalq hava limanının terminalına endirdiyi zərbələr nəticəsində bir nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Küveyt Xaici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında dərc olunmuş məlumatda deyilir.
"Xarici İşlər Nazirliyi Küveyt dövləti adından İranın ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumları davam etdirməsini qətiyyətlə qınayır və etirazını bildirir. Ən son hücum bu gün səhər saatlarında baş verib və yenidən mülki və digər mühüm obyektlərə, o cümlədən Küveyt beynəlxalq hava limanına yönəldilib. Bu, bir nəfərin həlak olmasına, digərlərinin yaralanmasına, həmçinin mühüm obyektlərin, o cümlədən diplomatik nümayəndəliklərin zədələnməsinə səbəb olub", - məlumatda qeyd edilib.
İranın Küveytə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələr nəticəsində bir neçə nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Qərargahının sosial şəbəkələrdəki məlumatında deyilir.
Xəsarət alanların dəqiq sayı açıqlanmır.
Bildirilib ki, Küveyt beynəlxalq hava limanının sərnişin terminalının binası zədələnib.
"Silahlı Qüvvələr müvafiq qurumlarla koordinasiyalı şəkildə vəziyyəti izləyir, istənilən yeni vəziyyətə reaksiya vermək, həmçinin ölkənin təhlükəsizliyinin və sabitliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib", - məlumatda qeyd olunub.