Küveyt Böyük Britaniyadan 489 milyon dollarlıq HHM sistemi alacaq
- 09 oktyabr, 2026
- 17:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Küveyt Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda ölkənin pilotsuz uçuş aparatlarının hücumlarından qorunması üçün Britaniyanın MARSS şirkətindən təxminən 489 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemi (HHM) alacaq.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin məlumatında deyilir.
Sistemə radioelektron mübarizə vasitələri, radarlar, interseptor dronlar, həmçinin süni intellektlə dəstəklənən idarəetmə mərkəzi daxil olacaq. MARSS şirkəti Londonda yerləşir və Avstraliyanın "EOS" şirkətinə məxsusdur.
Böyük Britaniyanın müdafiə naziri Con Hili ölkənin yenidən sənayeləşməsinə kömək etmək və iqtisadi artımı stimullaşdırmaq məqsədilə müdafiə sifarişlərindən istifadə etmək niyyətini açıqlayıb.
Sövdələşmə həmçinin İngiltərənin cənub-qərbindəki Bristol şəhərində yerləşən MARSS müəssisəsində mühəndis-texniki və istehsalat sektorlarında 100 iş yerinin yaradılmasını nəzərdə tutur.