Kreml Trampın Ukrayna münaqişəsinin həllində kömək etmək istəyini yüksək qiymətləndirir
- 24 sentyabr, 2025
- 12:03

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın Ukrayna ilə münaqişənin həllinə kömək etmək istəyini yüksək qiymətləndirir.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Prezident Putin Trampın kömək etmək, birlikdə həll yolları axtarmaq istəyini hələ də yüksək qiymətləndirir", - o qeyd edib.
Peskovun sözlərinə görə, Putin Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin gələcək taleyi ilə bağlı təklifi ilə ABŞ-yə "əlini uzadır". "Lakin burada mühüm bir qeyd var: bütün bu təkliflərimiz, Putinin xoş siyasi iradəsi yalnız Vaşinqtonun müvafiq mövqe tutacağı halda həyat qabiliyyətli olacaq", - Kremlin nümayəndəsi bildirib.
Putinin mətbuat katibi hesab edir ki, Rusiya-ABŞ münasibətlərində "qıcıqlandırıcılar"ın aradan qaldırılması prosesi ləng gedir, nəticə hələ sıfıra yaxındır.
"Tramp biznesmendir və o, bütün dünyanı ABŞ neftini və qazını daha baha qiymətə almağa məcbur etməyə çalışır", - o əlavə edib.