"Könüllülər Koalisiyası" Londonda 12 maddəlik planı müzakirə etməyi planlaşdırır
- 22 oktyabr, 2025
- 03:42

Ukraynaya dəstək məqsədilə yaradılmış "Könüllülər Koalisiyası" (Coalition des volontaires) ölkələri oktyabrın 24-də Böyük Britaniyanın paytaxtında keçiriləcək görüşdə Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı 12 maddəlik planı müzakirə etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Qəzzada atəşkəs planına bənzəyən sülh planı Avropa ölkələri tərəfindən Kiyevlə birgə hazırlanıb və ideya müəllifi Böyük Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauelldir.
"Bloomberg" isə bildirib ki, planın detalları hələ də müzakirə olunur və dəyişdirilə bilər. Mənbələrə görə, hər hansı bir təklif ABŞ tərəfindən təsdiqlənməlidir. Ona görə, Avropa rəsmiləri bu həftə Vaşinqtona uça bilər.