Konqresin aşağı palatası Trampın impiçmenti cəhdini rədd edib
- 12 dekabr, 2025
- 03:27
ABŞ Konqresinin Nümayəndələr Palatası konqresmen El Qrinin (Texas ştatından demokrat) Prezident Donald Trampın edam cəzası ilə bağlı sözlərinə görə impiçment proseduruna başlamaq cəhdini rədd edib.
"Report" xəbər verir ki, qanunverici orqanın aşağı palatasında səsvermə "C-SPAN" telekanalı tərəfindən yayımlanıb.
Qrinin dekabrın 10-da ABŞ Konqresinə təqdim etdiyi Trampın impiçmenti haqqında qətnamənin rədd edilməsinin lehinə Nümayəndələr Palatasının 237 üzvü səs verib, 140 nəfər əleyhinə olub, 47 nəfər isə bitərəf qalıb. Beləliklə, sənəd müzakirəyə qəbul edilməyib.
Qrin Trampı səlahiyyətindən sui-istifadə etməkdə, habelə "zorakılığı təşviq etməkdə, nifrət yaratmaqda, demokratiyanı sarsıtmaqda və respublikanı dağıtmaqda" ittiham edirdi. Xüsusilə qanunverici Trampın Demokratik Partiyadan olan senatorlara və konqresmenlərə etdiyi xatırlatmalara diqqət çəkib. Tramp daha əvvəl bildirmişdi ki, onların ABŞ hərbçilərinə əmrləri yerinə yetirməməyə çağırması üsyana təhrik kimi ölüm cəzası ilə cəzalandırıla bilər. Bundan əlavə, Qrinin mövqeyinə görə, Tramp federal hakimləri hədələyir, məhkəmə sisteminin müstəqilliyini sarsıdır, onun siyasəti nəticəsində isə "siyasi zorakılıq" halları artıb.