Konqoda təhlükəsizlik qüvvələri müxalifət liderinin evini mühasirəyə alıb
- 09 yanvar, 2024
- 23:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Konqo Demokratik Respublikasının (KDR) təhlükəsizlik qüvvələri dekabrın 20-də keçirilən prezident seçkilərində ikinci olan müxalifət lideri Moiza Katumbinin cənub-şərqindəki evini mühasirəyə alıb.
“Report” xəbər verir ki, bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb.
"Təhlükəsizlik qüvvələri Katumbiyə tarixi Katanqa bölgəsində yerləşən evini tərk etməyə icazə verməyib", - müxalifət sözçüsü Herve Diakeşes deyib.
Daha sonra yerli qubernatorun göstərişi ilə təhlükəsizlik qüvvələri Katumbinin evinin ətrafından çəkilib. Müxalifətçinin evində olub-olmadığı hələ bəlli deyil.
Xatıladaq ki, Seçki Komissiyası dekabrın 31-də seçkilərin ilkin yekun nəticələrini dərc edib və hazırkı prezidenti Feliks Çisekedinin qələbəsini açıqlayıb. Rəsmi məlumata görə, o, 73,34 % səs toplayıb. İkinci yeri 18,08 faizlə Katumbi tutub. Katumbi nəticələri tanımadığını bildirib və ölkə əhalisini etiraza çağırıb. Konqoda seçkilərin yekun nəticələri yanvarın 12-də elan olunacaq.