Konqoda ebola virusundan ölənlərin sayı 86-ya çatıb
- 07 iyun, 2026
- 01:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Konqoda ebola qızdırmasından laboratoriya tərəfindən təsdiqlənmiş ölüm hallarının sayı 86-ya yüksəlib.
"Report" xəbər verir ki, bu məlumatları ölkənin Səhiyyə Nazirliyi özünün gündəlik informasiya bülletenində təqdim edib.
Son sutka ərzində xəstəlikdən daha altı nəfər vəfat edib. Ebola virusuna yoluxma hallarının ümumi sayı 488-ə çatıb. İyunun 5-i axşam saatlarına olan məlumata görə, bu göstərici 452 səviyyəsində idi.
Qurum vurğulayıb ki, virusun daha da yayılmasının qarşısını almaq üçün fəal tədbirlər görülür. Ölkə hakimiyyəti hazırkı epidemiyanın mərkəzində - İturi əyalətində tibbi izolyatorların tutumunu artırır. Oraya həmçinin tibbi və xidməti heyət üçün əlavə fərdi mühafizə vasitələri göndərilir.
Konqo və Uqanda hökumətləri mayın 15-də ebola qızdırması epidemiyasının başladığını rəsmən elan edib. Ekspertlərin qiymətləndirmələrinə görə, hazırkı yayılma ebola virusunun ilk dəfə aşkar edildiyi 1976-cı ildən bəri ən böyük və təhlükəli epidemiyalar sırasına daxildir.