KİV: Polşaya göndərilən "Rafale" qırıcıları nüvə silahı daşımağa qadirdir

Digər ölkələr
  • 15 sentyabr, 2025
  • 22:46
KİV: Polşaya göndərilən Rafale qırıcıları nüvə silahı daşımağa qadirdir

NATO-nun "Şərq gözətçisi" əməliyyatında iştirak etmək üçün Polşaya göndərilən Fransa Hərbi Hava Qüvvələrinin "Rafale" qırıcıları nüvə silahı daşımaq qabiliyyətinə malikdir.

"Report"un məlumatına görə, bu iddia ilə "Defence-24" portalı çıxış edib.

Qeyd olunur ki, Fransa "Rafale qırıcılarından ibarət eskadrilyanı Sen-Dizye şəhərində yerləşən 113-cü aviabazadan Polşaya göndərib. Həmin bazada nüvə silahı daşıyan təyyarələr yerləşir. Portal Polşadakı yeni dislokasiya məntəqəsi – Minsk-Mazovetski aviabazasından əldə olunan fotomaterialları araşdıraraq qırıcıların döyüş başlıqları olmadan gəldiyini ehtimal edib.

Xatırladaq ki, Fransa NATO-nun Şərq cinahındakı ölkələrin hava məkanının qorunması məqsədilə həyata keçirilən "Eastern Sentry" əməliyyatında iştirak üçün Polşaya üç "Rafale" qırıcısı göndərib. Bu əməliyyat 12 sentyabrda elan olunub və Varşavanın tələbi ilə Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi çərçivəsində aparılan məsləhətləşmələrin nəticəsi olaraq həyata keçirilib. Səbəb isə sentyabrın 9-dan 10-na keçən gecə Rusiya pilotsuz uçuş aparatlarının Polşa ərazisinə müdaxiləsi olub.

10 sentyabr səhəri Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı hava məkanını pozan və PUA kimi tanınan bir neçə obyektin məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tuskun sözlərinə görə, həmin gecə hava məkanının 19 dəfə pozulması halı qeydə alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti