KİV: Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ABŞ-yə 2 milyard dollara başa gələ bilər
- 12 noyabr, 2025
- 22:27
ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyi ("Department of War") olaraq dəyişdirilməsi qərarı Amerika hakimiyyətinə təxminən 2 milyard dollara başa gələ bilər.
"Report" bu barədə "NBC News" telekanalına istinadən xəbər verir.
Belə ki, bu addımın həyata keçirilməsi üçün ABŞ Konqresinin təsdiqi tələb olunur və minlərlə lövhənin, nişanın, blankların və digər Müdafiə Nazirliyinin adını daşıyan əşyaların dəyişdirilməsini tələb edəcək. Bildirilir ki, yalnız blankların və lövhələrin dəyişdirilməsi təxminən 1 milyard dollara başa gələ bilər.
Pentaqon isə artıq ad dəyişikliyi ilə bağlı işlərin aparıldığını bildirib və əlavə edib ki, dəyişikliklərin yekun dəyəri hələ hesablanmayıb.
"Yekun smeta hələ müəyyən edilməyib. Bu ad dəyişikliyi bizim qürurverici irsimizin təsdiqi kimi mühüm əhəmiyyət daşıyır, çünki nazirliyin əsas missiyasını – müharibələrdə qalib gəlməyi – əks etdirir. Bu həmişə bizim missiyamız olub və biz sülhə ümid etsək də, müharibəyə hazırlaşacağıq", - Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell deyib.
Xatırladaq ki, sentyabrın əvvəlində Tramp Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyi olaraq dəyişdirilməsi barədə fərman imzalayıb və bildirib ki, dünya vəziyyəti nəzərə alındıqda bu ad daha uyğun gəlir.